Məhbus jurnalistin cəzası azaldıldı
Fevralın 24-də Ali Məhkəmə məhbus jurnalist Polad Aslanovun şikayəti üzrə qərar çıxarıb. “Turan”ın məlumatına görə, jurnalistə kəsilmiş 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası 13 ilə endirilib.
Xeberman.com və Press-az.com saytlarının baş redaktoru olan Polad Aslanovu 2019-cu il iyunun 12-də Dövlət Təhlükəsizliyi Xidməti həbs edib, ona dövlətə xəyanət ittihamı verilib.
Rəsmi açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanları ilə maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlayıb.
2020-ci il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistə 16 il azadlıqdan məhrumetmə cəzası kəsmiş, 2021-ci il fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlamışdı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay